Content area
Abstract
Müharibə sosial həyatın ifrat hadisəsi, cəmiyyətin böyük faciəsi, insan həyatının mənəvi-mədəni sferasının hadisəsidir. Müharibə konkret tarixi ilkin şərtləri, şəraiti, inkişafının real başlanğıcları və hüdudları, sosial praktikada, sivilizasiya prosesində funksiyaları olan bir hadisədir. Müharibə ictimai-siyasi hadisə kimi tarixən keçici xarakter daşısa da, buna baxmayaraq, bəşəriyyətin (dövlətçiliyə keçmiş xalqların) tarixinin bütün dövrü müharibə fenomeni ilə bağlıdır. Müharibə universal, çoxşaxəli bir hadisədir. Bu, xüsusi bir fenomendir: sosial, mədəni və psixoloji. Müharibə təkcə insan cəmiyyətinin inkişafını müşayiət etmir, müharibə cəmiyyətin həyatına inteqrasiya olunur. Müharibənin səbəbləri, məqsədləri, motivləri, hərbi əməliyyatların gedişi, hərbi problemlərin həlli üsulları və s. ilə bağlı olan hər şey sosial reallığın özündə dəyişikliklərlə bağlıdır. Müharibənin cəmiyyətdəki məqsədləri, funksiyaları və əhəmiyyəti nəzərdən keçirilir. Müharibənin instrumental xarakteri eyni zamanda fiziki və mənəvi ziyan vuran birbaşa zorakılıq forması kimi əsaslandırılır. İnsanın müharibəyə - onun təhlükələrinə və çətinliklərinə, həyat dəyərlərinin və prioritetlərinin fərqli miqyasına öyrəşməsi asan deyil. Yeni mühitə uyğunlaşma köhnə şüur və davranış stereotiplərini qırmağı tələb edir, onsuz ekstremal şəraitdə, həyat və ölüm astanasında sağ qalmaq mümkün deyil. Amma müharibənin şahidi olmuş insanların sakit, dinc həyata qayıtması asan deyil. Psixikanın yenidən qurulmasının əks prosesi eyni dərəcədə ağrılı şəkildə və bəzən uzun illər davam edir. Müharibə faktorlarının insan psixikasına təsir dairəsi son dərəcə genişdir. O, psixoloji hadisələrin müxtəlif spektrini əhatə edir: açıq-aydın patoloji formalardan tutmuş zahiri incə, zamanla gecikmiş reaksiyalara qədər. Təəssüf ki, bəşəriyyət yeni əsrə və yeni minilliyə əbədi sülh və ümumbəşəri dəyərlərin təntənəsi ideyası ilə deyil, yeni nifrət, zorakılıq və müharibə dalğası ilə qədəm qoyur. İntellektual baxımdan müharibəyə, onun insanların həyatında və dünya tarixindəki yeri və roluna dərin və real baxış getdikcə daha çox zərurətə çevrilir. Tarixboyu müharibələr olub. Bu, danılmaz faktdır. Müharibələr özü ilə ölüm və fəlakətlər gətirir. Müharibə nəticəsində hər 102 saniyədə bir nəfər həyatını itirir. Müharibənin təsiri - birbaşa və dolayı - insan varlığının bütün sahələrinə yayılır. Azərbaycanda I Qarabağ və II Qarabağ müharibələrinin posttravmatik nəticələrinin aradan qaldırılması üçün bu sahədə tədqiqatların aparılması vacibdir. Azərbaycanda postmüharibə dövründə əhalinin psixoloji vəziyyətinin dəyərləndirilməsinə dair araşdırma və tədqiqatların kifayət qədər olmaması psixoloji xidmət sahəsində ləngimələrə səbəb olur. Bu araşdırma Azərbaycanda müharibə travması almış əhalinin psixoloji vəziyyətinə dair əldə ediləcək 4 məlumatların gələcəkdə bu sahədə psixoloji xidmətin təşkil olunmasına töhvə verəcəyi düşünülməkdədir. Mövzunun işlənmə səviyyəsi: Bəşəriyyət üçün ən vacib olan müharibə travması haqqında bir sıra nəzəri və tədqiqat işləri mövcuddur. Azərbaycanlı tədqiqatçılardan psixologiya üzrə elmlər doktoru, professor Şəfiyeva E. İ. “Hərbi psixologiya”, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Dövlət Müdafiəsini İdarəetmə akademik kursunun rəisi polkovnik İsmayılov R.M. “Hərbi psixologiya və pedaqogika” və başqaları müharibə travmasının tədqiqi sahəsində, xarici tədqiqatçılardan Коробчевский Д. А. “Психология войны”, Коробиевский Д. Л. “Психология войны, Allport G.W “The relegion of the postwar collage student” bir sıra işlər görmüşlər. Mövzu ilə bağlı bir sıra diaqnostik protokollarda, elmi jurnallarda, internet resurslarında, faydalı məlumatlar yer almışdır. “Posttravmatik stress pozuntusunun diaqnostika və müalicəsi üzrə klinik protokol”, Journal of Education and Training Studies və s.





